17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

5 - 7 aprel 2018 • Bakı Ekspo Mərkəzi


Tərəfdaş Ölkə

Media мərkəz » Xəbərlər

AITF - Azərbaycanın milli irsi: Basqal və kəlağayı

Azərbaycanın milli irsi: Basqal və kəlağayı
07.02.2018

Xəbərlər

Haradasa Bakı qalasını xatırladan Basqal kəndi abadlığı ilə göz oxşayır. İsmayıllı rayonunun indiki mərkəzindən 56 kilometr məsafədə yerləşən Basqal 1933-cü ilədək rayon mərkəzi rolunu oynayıb. Altmış hektar ərazisi olan kənd hazırda dövlət mədəni-tarix qoruğudur. Bu kəndin şərəfinə adlanan milli oyun havası da var. Azərbaycan kino sənətinin klassik nümunələrindən biri olan “Uzaq sahillərdə” filminin bəzi epizodları burada çəkilib. Lakin Basqala başlıca şöhrəti qazandıran burada hazırlanan və dünyada tanınan milli ipək kəlağayılardır.

Seysmik kəmər və xüsusi dialekt

“Basqal” türk sözüdür. Akademik Ziya Bünyadovun fikrincə, bu, “bas” və “qal” sözlərinin birləşməsindən yaranıb ki, bu da “alınmaz qala”, “qala qur”, “qala ucalt” mənalarını verə bilər.

Ötən əsrin 80-ci illərində Basqalda aparılmış qazıntılar bu yerlərin ən azı iki min illik tarixindən xəbər verir. O, həmçinin qədim dövlətin – Qafqaz Albaniyasının tərkibində olub. Basqalın cənub-şərqində antik dövrə və orta əsrlərə aid qədim yaşayış məskənlərinin izləri olan abidələr qalır. Kənd qəbiristanlığında azı 500 illik tarixə malik qədim başdaşı ilə birlikdə məzarlara rast gəlmək olar.

Ərazinin əlverişli coğrafi mövqeyi siyasi, iqtisadi və strateji mahiyyət daşıyıb. Orta əsrlərdə Basqalı çoxsaylı işğalçılardan müdafiə etmək üçün xeyli qala və müdafiə istehkamları tikilib.

Çay daşı döşənmiş dar küçələr, elə həmin daşlardan tikilmiş evlər xüsusi ab-hava yaradır. Səliqəli küçələrdə sıra ilə tikilmiş evlərin hamısının həyətyanı sahəsi var. Basqalın maraqlı xüsusiyyəti odur ki, orada bütün evlərin üzü Məkkəyə tərəf baxır. Digər fərqləndirici xüsusiyyət ondadır ki, hələ XVII əsrdən burada hamamlar evlərin içərisində tikilib. İndi bu, bizə adi görünsə də, o zaman bu cür rahatlıq adətən ya saraylarda yaradılar, ya da insanlar ümumi hamamlara gedərdilər.

Adi Basqal evinin birinci mərtəbəsində təsərrüfat otaqları yerləşir, ikinci mərtəbə yaşayış üçündür. Çay daşlarının arasına hər 5–6 qatdan bir ağac tir qoyulub. Buna mütəxəssislər “seysmik kəmər” deyirlər.

Kənd əhalisinin sayı çox deyil. Belə ki, 20 il əvvəl burada 3000 nəfər yaşayırdısa, indi təxminən 1500 nəfər qalıb. Basqallılar Azərbaycan dilinin Təbriz ləhcəsinə yaxın şivədə danışırlar. “G”, “c” və “ç” hərflərinin dəyişik tələffüzü danışıqlarına fərqli ahəng qatır.

Ağacda yerləşən çayxana və qədim kürəbənd

Basqalın mərkəzində geniş meydan var. Oradan Səyyad, Fit dağlarına və ətraf meşələrə gözəl mənzərə açılır.

Kənddə beş böyük məhəllə var. Onlardan ən böyüyü Qoşabulaq və Dəmirçi bazarıdır. Ən qədim məhəllə Kələküçədir. Dəmirçi bazarı məhəlləsinin gözəçarpan tarixi obyekti XVII əsrə aid hamamdır. Basqal Böyük İpək Yolu üzərində dayanacaqlardan biri olub. Dəmirçi bazarı ticarət karvanlarını, qızğın alveri hələ də xatırlayır. Məhəllədə, həmçinin XVI əsrdə əkilmiş çinar ucalır. Ağac o dərəcədə böyükdür ki, bir vaxt orada çayxana yerləşib, sonra bərbərxana fəaliyyət göstərib. Hazırda həmin çinar dövlət tərəfindən qorunur.

Dəmirçi bazarı məhəlləsindəki Hacı Bədəl məscidində (1854) Seyid Ümülbanu sərdabəsi (1488) yerləşir. Məscidi Hacı Bədəl Məşədi oğlu öz vəsaiti hesabına tikdirib. 1924-1990-cı illərdə anbar kimi istifadə edilmiş məscid hazırda təyinatı üzrə fəaliyyət göstərir.

Əl-Fəqir Şeyx Səfayi ibn Şeyx Məhəmməd məscidi (XVII əsr) Kələküçə məhəlləsinin ən qədim tarixi abidələrindəndir. Məscid 475–ci ildə Əl–Fəqir Şeyx Səfayi ibn Şeyx Məhəmməd tərəfindən tikilib. Sovet dövründə iki minarəsi sökülüb, daş kitabəsi məhv edilib. 1975–ci ildəki yanğına qədər mədəniyyət evi kimi istifadə edilib. Nəticədə məscid ilkin görkəmini itirib.

Qeyd etmək lazımdır ki, hələ XII əsrdə Basqalda kürəbənd adlanan kanalizasiya sistemi tikilmişdi. Bu şəbəkə elə qurulub ki, çirkab su üstü sal daşlarla örtülü səliqə ilə hörülmüş borularla üzüaşağı axırdı. Sistem vaxtilə qədim Lahıcda yaradılmış və indiyədək fəaliyyət göstərən analoji sistemi xatırladır.

Kəlağayı əlifbası

Basqal orta əsrlərdə sənət və ipəkçilik mərkəzlərindən biri olub. Basqallılar deyirlər ki, Şəkiyə də ipəkçilik Basqaldan keçib, hətta şəkili ipək ustaları ipək əyirməyi onlardan öyrəniblər.

Arxeoloq A.P.Fituni “Şirvanın son paytaxtının tarixi” məqaləsində yazırdı: “1795-ci ildə İran şahı Ağaməhəmmədin Gürcüstana, Muğana, Talış və Şirvana hücumu zamanı Şirvan xanı Mustafa öz yaxın qohumları ilə yaxınlıqda yerləşən Fit dağındakı qalaya çəkilir. Onlar qaladan çox da uzaq olmayan Basqal şəhərciyində baramaaçan və ipəyirən fabrik açırlar”.

Yaxın keçmişə qədər Basqalda hər evdə ipəkəyirən qədim dəzgahlar olub. Boyaçılıq, toxuculuq, ipəkçilik nəsildən-nəslə keçərək inkişaf edib. İpəkdən hazırlanan ən populyar məhsul kəlağayıdır. O, müstəsna olaraq Azərbaycanda istehsal edilən qadın baş örtüyüdür. Çəkisi 125 qram olan kəlağayı üzükdən asanlıqla keçir.

Azərbaycan xalq yaradıcılığının gözəl nümunəsi sayılan kəlağayı sosial statusundan asılı olmayaraq qadın geyiminin əsas atributlarından olub. Qızlar, orta və yaşlı qadınlar üçün kəlağayılar fərqli idi. Kəlağayı müxtəlif rəng və ölçülərdə olur, adətən yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Adətən toy zamanı gəlinin başına qırmızı kəlağayı örtər, yasda hər kəs qara kəlağayıya bürünərdi. Adi vaxtlarda açıq qəhvəyi və ya bəyaz rənglərində kəlağayılar bağlanardı. Kəlağayının bağlanma formasının da öz mənası var idi. Məsələn, gənc qadınlar və qızlar kəlağayını “örpək”, yaşlı qadınlar isə “çalma” və ya “dingə” kimi bağlayardılar. Hazırda kəlağayı şal kimi də çiyinə salınır, belə bağlanır, ondan ponço kimi istifadə edilir.

Altı-yeddi rəng çalarında olan kəlağayılar daha qiymətli sayılıb. Basqalda indi məhz bu cür kəlağayılar hazırlanır.

İpək və ustalığın zəfəri

Əsrlərdən bəri ipəkçilik mərkəzlərindən biri olan Azərbaycanda milli geyimlərin hazırlanmasında ipək parçalardan geniş istifadə edilib. XIX əsrin birinci yarısında Basqalın ipək məmulatlarının şöhrəti Azərbaycanın hüdudlarını aşıb. 1862–ci ildə Azərbaycan ipəyi Londonda keçirilən beynəlxalq sərgidə nümayiş etdirilib. Həmin sərgidə basqallı toxucu Nəsir Abduləziz oğlu təqdim etdiyi nəfis kəlağayı və zərif qanovuz parçaya görə gümüş medal və diplomla mükafatlandırılıb.

XIX əsrdə bu qəsəbəyə gəlmiş jurnalist M.N.Lebedev–Kostromsev kəlağayı toxunan karxanaları gəzib, toxucuların ağır vəziyyətdə çalışmalarına baxmayaraq, öz sənətlərinə sadiqliyini qeyd edərək yazıb: “Basqala Şamaxıdan Rusiya atlarından kiçik, lakin zərif və iti yerişli kəhər atla gəldik. Atlar orta yaşlı, qarabuğdayı sahibini dərhal başa düşür, qarşıya çıxan daşları və digər maneələri, gur dağ çayını sürətlə keçirdi. Basqala axşam çatdıq. Neft lampaları, fənərlər həyətləri yaxşı işıqlandırırdı. Avazlı səs eşidildi. Çarvadar dedi ki, məscid minarəsindən gələn bu səs insanları axşam ibadətinə çağırır” (“Kavkaz” qəzeti, 1882–ci il, 310-cu nömrə).

Keçən əsrin 60–cı illərinədək Basqalda, demək olar, hər evdə kəlağayı toxunurdu. SSRİ dağıldıqdan sonra Azərbaycan bazarına qonşu dövlətlərdən müxtəlif şallar, qadın baş örtükləri gətirildiyi üçün milli kəlağayı bir müddət dəbdən düşüb. Lakin son vaxtlar milli ənənələrə marağın artması fonunda kəlağayı yenidən aktuallaşıb. Basqalda bir neçə ildir ki, həm kəlağayı, həm də digər ipək məmulatların istehsal olunduğu İpək Mərkəzi fəaliyyət göstərir. Mərkəzin nəzdində, həmçinin kiçik “Kəlağayı muzeyi” fəaliyyət göstərir.

Basqal İpək Mərkəzində kəlağayı sifarişlə hazırlanır, qiyməti isə rənglərin sayından və naxışın mürəkkəbliyindən asılı olaraq dəyişir. Kəlağayı hazırlamaq uzun prosesdir. Bir kəlağayı 7-10 günə başa gəlir. Əvvəlcə barama sapından ipək parça toxunur və lazımi ölçülərdə kəsilir. Sonra qaynar su ilə dolu nəhəng çuqun qazana təbii boyalar tökülür. İpək parçaları boyalı suda qaynadırlar ki, rəngi solmasın.

Boyama işi başa çatdıqdan sonra parçalar qurudulur, ütülənir və bəzəmə prosesinə başlanılır. Bunun üçün müxtəlif fiqur, milli naxış və ornamentli basma qəliblərdən istifadə edilir. Onların hamısının öz adı və mənası var. Ən çox istifadə edilən ornament butadır.

Buta damlaya bənzər naxışdır. O, haradasa yumruqlanmış əlin aşağı hissəsinin izini xatırladır. Basqal ustaları deyirlər ki, məhz bu şəkildə - rəngə batırılaraq bükülmüş ovucun aşağı tərəfi ilə ilk buta naxışı salınıb. Güman edilir ki, Azərbaycanda geniş yayılmış bu naxış tarixi kökləri ilə atəşpərəstliyə bağlıdır.

Mərkəzdəki “Kəlağayı” interaktiv muzeyinə gələnlər nəinki kəlağayının tarixi və ənənələri ilə tanış ola bilər, həm də onların hazırlanma prosesini müşahidə edə bilər, hətta özləri bu prosesdə iştirak edə bilər və öz işlərini Basqaldan xatirə kimi apara bilərlər.

Modanın şıltaqlığına baxmayaraq, naxışların ölçü və forması dəyişməz qalır. Ona görə də kəlağayını dünyanın ən qədim və hər zaman aktual olan baş örtüklərindən biri hesab etmək olar.


Xəbərlər

Bütün xəbərlər