EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Rəylər
AITF - Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Kamboca Krallığına səfəri başa çatmışdır
Media мərkəz » Xəbərlər

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Kamboca Krallığına səfəri başa çatmışdır
10.02.2015

Xəbərlər

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), YUNESKO və Kamboca Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən "Turizm və Mədəniyyət üzrə Dünya Konfransı: Yeni Əməkdaşlığın Qurulması" adlı tədbirdə iştirak məqsədilə yollandığı Kamboca Krallığının Siem Reap şəhərinə səfəri başa çatmışdır. Konfransda mədəniyyət və turizm sahələrinin bir-birinə təsiri və yeni əməkdaşlıq imkanları araşdırılmışdır.
Konfrans ümumilikdə üç gündən ibarət idi və fevralın 4-6 tarixlərini əhatə etmişdir. Kamboca Krallığının kralı Norodom Sihamoni, baş naziri Hun Sen, BMÜTT-nin baş katibi Taleb Rifai, Bolqarıstanın axırıncı kralı və keçmiş baş naziri II Simeon, 45 ölkənin mədəniyyət və turizm nazirləri, tanınmış beynəlxalq təşkilatların nümayəndələri və digər yüksək vəzifəli şəxslər tədbirdə iştirak etmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyini təmsil etmək məqsədilə, nazir müavini Nazim Səmədov və Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Ramil Abbəkirovdan ibarət olan nümayəndə heyəti 3-6 fevral tarixlərində Siem Reap şəhərinə səfər etmişdir.
Turizm və mədəniyyət sahələrinə həsr edilmiş konfrans açılış və bağlanış mərasimlərindən, "Nazirlərin Dialoqu" sessiyasından və digər tematik sessiyalardan ibarət idi. Sessiyalar dörd mövzunu əhatə edirdi: "Mədəniyyətin təşviq edilməsi və qorunması", "Yaşayan mədəniyyət və Kreativ sənayelər", "Mədəni marşrutların əsasında insanların bir araya gətirilməsi" və "Mədəni turizmin köməkliyi ilə şəhərlərin dəyişməsi". Cənab Nazim Səmədov "Nazirlərin Dialoqu" sessiyasında iştirak edərək ilk növbədə təşkilatçıları təşəkkür etmişdir. Konfrans zamanı yeni ideyaların yaranmasını dəstəklədiyini söyləyən nazir müavini, həm də bildirmişdir ki, əsas məsələ - məkandan asılı olmayaraq, mədəniyyət və turizm sektorlarının dialoqu davam etdirilməli, özəl sektor və digər maraqlı olan tərəflər bu dialoqa dəvət olunmalıdır. Daha sonra, göstərilən iki sektorun əməkdaşlığının vacibliyini qeyd edərək, Nazim Səmədov Azərbaycanda 2006-cı ildə cənab prezident İlham Əliyevin fərmanı əsasında yaradılmış Mədəniyyət və Turizm Nazirliyini uğurlu təcrübə kimi misal gətirdi.
Çıxışının sonunda nazir müavini tədbirin iştirakçılarını 2015-ci ildə Bakıda keçiriləcək iki tədbirə: 18-19 may tarixlərində - III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna və 12-28 iyun tarixlərində - Bakı Avropa Oyunlarına dəvət etmişdir.
Həmçinin konfrans çərçivəsində keçirilən tematik sessiyalarda cənab nazir müavini Azərbaycanın mövqeyini və mövzu ilə bağlı təcrübəsini auditoriyaya çatdırmışdır.
Turizm və mədəniyyət sahələrində əməkdaşlıq və digər mövzuları müzakirə etmək məqsədilə Azərbaycanın nümayəndə heyəti BMÜTT-nin Baş katibi Taleb Rifai, Kambocanın Turizm naziri Thong Khon, Kambocanın Mədəniyyət və incəsənət naziri Phoeurng Sackona, Bolqarıstanın axırıncı kralı və keçmiş baş naziri II Simeon,Çin Milli Turizm Administrasiyasının vitse-prezidenti Wu Wenxue, Vyetnamın Mədəniyyət, idman və turizm naziri Hoang Tuan Anh, Hindistanın Turizm Nazirliyinin katibi Lalit Panwar, Koreyanın Mədəniyyət, idman və turizm naziri Kim Jongdeok, Tailandın Turizm və idman naziri Kobkarn Wattanavrangkul, Seyşel adalarının Mədəniyyət və Turizm naziri Alain St. Ange, Litvanın İqtisadiyyat nazirinin müavini Rasa Noreikiene və Turizm üzrə Dövlət Departamentinin direktoru Jurgita Kazlauskiene, Meksikanın Turizm üzrə katibliyinin Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin müdiri Javier Molina, Yaponiya Turizm Agentliyinin Siyasi məsələlər üzrə Baş direktoru Daishiro Mishimori, Kambocanın Angkor regionunun Turizm İdarəçiliyi üzrə direktoru Sok Sangvar, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin turizm üzrə agentliyinin direktor müavini Nikolay Korolyov və digərləri ilə ikitərəfli görüşlər keçirmişdir.Görüşlər zamanı ikitərəfli əməkdaşlıq, mədəniyyət və turizm sahələrinin qlobal şəkildə inkişaf etdirilməsinin perspektivləri müzakirə edilmiş, həmçinin qarşı tərəflər Bakıda cari ilin 2-4 aprel tarixlərində keçiriləcək 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisinə dəvət olunmuşdur.
Konfrans çərçivəsində Kambodca Krallığının Baş naziri Hun Sen nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmişdir, Kral Norodom Sihamoni isə Angkor Tom məbədinin Fil Terrasası adlanan sahəsində konfrans iştirakçılarını qarşılamış və şam yeməyinə dəvət etmişdir. Həmçinin ölkənin turizm potensialını nümayiş etdirmək məqsədilə, 1992-ci ildə YUNESKO Ümumdünya İrsi Siyahısına daxil edilmiş Angkor Vat məbədinə və 1997-ci ildə YUNESKO Biosfer Rezervlər Siyahısına daxil edilmiş Tonle Sap gölünə təlim səfərləri təşkil edilmişdir.



Tərəfdaşlar