EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - AITF 2015: Bütün Dünya. Bir Sərgi.
Media мərkəz » Xəbərlər

AITF 2015: Bütün Dünya. Bir Sərgi.
16.03.2015

Xəbərlər

2-4 aprel tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 14-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF-2015”) sərgisi keçiriləcək. “AITF” sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirən və planetimizin müxtəlif guşələrinin koloritini təqdim edən aparıcı beynəlxalq sərgi statusunu qazanmışdır. Son bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev sərgini ziyarət edir və bu, “AITF” sərgisinin turizm sənayesi üçün daşıdığı əhəmiyyəti bir daha vurğulayır. Təsis edildiyi gündən bəri “AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Həmçinin, sərgi Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.

Yay mövsümü ərəfəsində başlayan “AITF” sərgisi üç gün ərzində turizm sahəsi üzrə danışıqların aparılması, görüşlərin keçirilməsi, eləcə də fikir və təkliflərin mübadiləsi üçün mərkəzi meydançaya çevriləcək. Dünyanın 37 ölkədən 300-dən çox şirkət “AITF-2015” sərgisində 70 turizm istiqaməti üzrə öz eksklüziv təkliflərini təqdim edəcək. Onların arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və spa proseduraları mərkəzləri, idman və ekoloji turizm obyektləri var. Bu il ilk dəfə olaraq sərgidə islam otelləri təqdim olunacaq. Sərgidə 18 ölkə öz milli stendi ilə iştirak edəcək və onların arasında bizim yaxın qonşularımız – Türkiyə, İran, və Gürcüstan, habelə Argentina, Bolqarıstan, Dominikan Respublikası, Hindistan, İran, Malayziya, Mərakeş, BƏƏ, Sloveniya və Tailand var. Bu il Maldiv adaları ilk dəfə öz milli stendi ilə çıxış edir.

Sərgidə iştirak edən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) stendində yerli turoperatorlar tərəfindən müxtəlif turizm paketləri təqdim olunacaq. Builki sərgidə öz sahəsini xeyli genişləndirən AZTA bütün Azərbaycandan həm xarici, həm də daxili turizm sahəsində fəaliyyət göstərən aparıcı otelləri və turizm agentliklərini bir araya gətirəcək. Bundan əlavə, Azərbaycanın turizm potensialı ölkə regionlarının,  o cümlədən Sumqayıt, Naxçıvan Muxtar Respublikası, Zaqatala, Masallı, Qax, İsmayıllı, Xaçmaz və Gəncənin, eləcə də Azərbaycanın digər şəhər və regionlarının maraqlı ekspozisiyaları çərçivəsində təqdim olunacaq.

Bu il “Tibbi turizm” istiqamətini təqdim edən iştirakçıların da sayı xeyli artmışdır. Belə ki, Azərbaycan, Almaniya, İran, Sloveniya, Litva, Macarıstan, Çexiya, Türkiyə, Yunanıstanın özəl və dövlət klinikaları, tibbi mərkəzləri “AITF-2015” sərgisində öz xidmətləri təqdim edəcəklər. Bu yaxınlarda yaradılmış Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi öz stendində Azərbaycanın “Chinar SPA Naftalan”, “Duzdaq Otel”, “Naftalan Hotel by Rixos” kimi sağlamlaşdırma mərkəzlərini təqdim edəcək.

Son illərdə “AITF” sərgisi Azərbaycan vətəndaşları arasında populyar kurort zonalarında daşınmaz əmlaka dair getdikcə artan tələbatı əks etdirən “Xaricdə daşınmaz əmlak” sektorunu fəal surətdə inkişaf etdirir. Bu il “AITF” sərgisində Türkiyə, Bolqarıstan, Böyük Britaniya, BƏƏ və Çexiyada daşınmaz əmlak agenti kimi xidmət göstərən şirkətlər iştirak edəcək.

“AITF” sərgisi ilə eyni vaxtda regionun otel və restoran sənayesinin yeganə ixtisaslaşmış sərgisi olan 9-cu Qafqaz Beynəlxalq “Otellər, restoranlar və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus-2015”) sərgisi keçiriləcək. Bu sərgi çərçivəsində şirkətlər turizm xidmətlərinin yüksək səviyyədə yerinə yetirilməsini nəzərdə tutan müasir təmayülləri və yeni texnologiyaları nümayiş etdirəcəklər.

“AITF” sərgisi ilə paralel olaraq, 2-ci Xəzər Beynəlxalq “Katerlər və Yaxtalar” (“CIBS-2015”) sərgisi də keçiriləcək. İştirakçılar və ziyarətçilər arasında peşəkar ünsiyyət üçün unikal imkanlar yaratmaqla yanaşı, bu sərgi dünya təcrübəsini mənimsəməyə və məhsuldar əlaqələr qurmağa da kömək edəcək. Eyni zamanda, sərgi ölkənin zəngin turizm potensialını xarici iştirakçılara əyani surətdə nümayiş etdirəcək və bu, Azərbaycanın maraqlı turizm istiqaməti kimi populyarlaşmasına xidmət edəcəkdir. Eksponentlər və ziyarətçilər arasında ünsiyyəti daha da fəallaşdırmaq üçün təşkilatçılar tərəfindən yeni xidmət – “B2B” görüşlərin əvvəlcədən təyin edilməsi proqramına start verilmişdir. İndi turoperatorlar, turizm agentlikləri, hava yollarının nümayəndələri, eləcə də otel şəbəkələri, xaricdə daşınmaz əmlakla məşğul olan agentliklər və klinikalar sərgi iştirakçıları ilə işgüzar görüşləri əvvəlcədən təyin edə biləcəklər. Həmçinin, “B2B” proqramında iştirak sayəsində vaxta qənaət etmək mümkün olacaq və turizm sənayesinin peşəkarları üçün sərgidəki fəaliyyətləri əvvəlcədən və səmərəli şəkildə planlaşdırmaq, mümkün tərəfdaş və müştərilərlə görüşmək, eləcə də işgüzar əlaqələr qurmaq və mövcud əlaqələri möhkəmləndirmək baxımından əlavə imkanlar yaradılacaq.

“AITF 2015” sərgisi 2-4 aprel tarixində yalnız peşəkarlar, 4 aprel tarixində isə bütün səyahət həvəskarları üçün açıq olacaq.



Tərəfdaşlar