EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - 2-4 aprel tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2015”) sərgisi keçiriləcək.
Media мərkəz » Xəbərlər

2-4 aprel tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2015”) sərgisi keçiriləcək.
01.04.2015

2-4 aprel tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2015”) sərgisi keçiriləcək. Keçirildiyi illər ərzində “AITF” sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif guşələrinin koloritini təqdim edən aparıcı beynəlxalq sərgi statusunu daha da möhkəmləndirmişdir. Artıq 14 ildir ki, “AITF” sərgisi bütövlükdə turizm sənayesi üzrə beynəlxalq görüş platforması olaraq regionda liderdir. Son illər Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərgini ziyarət etməsi bu tədbirin ölkə sənayesi üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. “AITF” sərgisi ilk gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərgi həmçinin Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (BTSA) tərəfindən də dəstəklənir. “AITF” sərgisi ilə paralel təşkil olunan 2-ci Xəzər Beynəlxalq Kater və Yaxtalar (“CIBS 2015”) sərgisinə rəsmi dəstək isə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilir. “Iteca Caspian” şirkətinin təşkil etdiyi bütün tədbirlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

ÜÇ GÜN ƏRZİNDƏ BÜTÜN DÜNYA

Yay turizm mövsümü astanasında “AITF” sərgisi üç gün ərzində turizm bazarının əsas iştirakçılarını bir araya gətirərək turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirəcək. Dünyanın 42 ölkəsini təmsil edən ümumilikdə 371 şirkət “AITF 2015” sərgisi çərçivəsində 80-ə qədər turizm istiqamətini təqdim edəcəkdir. Sərgidə öz milli səyahət büroları və səfirliklərinin dəstəyi ilə Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, BƏƏ, Sloveniya, Tailand, Türkiyə və digər ölkələrdən ümumilikdə 17 milli qrup iştirak edir. Milli stendlər arasında debütant ölkə Maldiv adalarıdır. İştirakçıların coğrafiyası isə 60% xarici və 40% yerli şirkətlərdən ibarətdir. Eksponentlər arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və spa mərkəzləri, idman və ekoloji turizm obyektləri var.

ODLAR YURDUNA!

Azərbaycanda 2015-ci ilin əsas turizm təmayülü ölkədaxili turizmin davamlı inkişafı olacaq. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Azərbaycan Turizm Assosiasiyasının (AzTA) himayəsi altında iştirak edən yerli turoperatorlar öz müxtəlif təklifləri ilə çıxış edəcəklər. AzTA bu il sərgidəki stendini kifayət qədər genişləndirərək həm daxili, həm də xarici turizm sahəsində fəaliyyət göstərən Azərbaycanın hər bölgəsindən aparıcı otel və turizm agentliklərini bir araya toplayacaq. Bundan başqa, ölkə bölgələrinin - Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan Muxtar Respublikası, Qəbələ, Qax, Quba, Zaqatala, Xaçmaz, Şəki, habelə Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi, eləcə də Azərbaycanın hüdudlarından kənarda da tanınan qədim İvanovka kəndinin  parlaq ekspozisiyaları Azərbaycanın turizm potensialını nümayiş etdirir. Sərgidə ənənəvi olaraq qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən Qarabağ stendi təqdim olunur. Beləliklə, sərgi iştirakçılarına bir sərgi çərçivəsində Azərbaycan bölgələrinin milli koloritini hiss etmək, eləcə də Azərbaycan xalqının zəngin folkloru, mətbəxi və adət-ənənələri ilə tanış olmaq imkanı yaradılacaq.

Hal hazırda Azərbaycan Bakı 2015 Avropa Oyunları ərəfəsindədir və belə bir mötəbər tədbir ölkənin əsas turizm platformasında öz əksini tapmaya bilməzdi. Məhz “AITF” sərgisində “BEGOC” (Birinci Avropa Oyunlarının Təşkilat Komitəsi) Bakı 2015 Avropa oyunlarına biletlərin paylanılması barədə məlumat verəcəkdir.

YENİ İSTİQAMƏT VƏ SEKTORLAR

“AITF” sərgisi qarşıdan gələn mövsümdə ən maraqlı və yeni təmayüllərin anonsunu davam etdirir. Bu il “AITF” sərgisi sayəsində Argentina, Avstraliya, Dominikan Respublikası, Keniya, Kolumbiya, Malayziya, Maldiv adaları, BƏƏ və Seyşel adaları kimi ekzotik turizm marşrutları yerli səyahət həvəskarları üçün daha da yaxın olacaq. Azərbaycanlı turistlər arasında qədim Avropa əvvəlki kimi məşhurdur və buna görə də sərgidə Bolqarıstan, Çexiya, İsveçrə, Çernoqoriya, Fransa, Xorvatiya, İtaliya, Almaniya və Estoniyanı təmsil edən turoperatorlar uzun stend cərgələri ilə çıxış edirlər.

“Tibbi turizm” təmayülünü təmsil edən iştirakçıların sayı da nəzərəçarpacaq dərəcədə artmışdır. Bu il Azərbaycan, Almaniya, Çexiya, Yunanıstan, İsrail, Litva, Sloveniya, Slovakiya, Macarıstan və Türkiyəni təmsil edən 36 şirkətləri, tibb mərkəzləri, eləcə də müalicə ocaqları və sanatoriyalar müalicə-sağlamlıq və SPA turizmi sahələrində əldə etdikləri ən son nailiyyətləri təqdim edirlər. Sərginin debütantları arasında məşhur şirkətləri, özəl və dövlət klinikaları: Erzurum İli Kamu Hastaneleri Birliği Genel Sekreterliği (Türkiyə),  Çexiyanın Tibb Mərkəzi olan “European Patient Service”, “KRV Medical Group” tərəfindən təqdim edilən İsrailin aparıcı klinikaları, “Symetria Hospital” (Yunanıstan), “MED LT” (Litva), “Slovak Healing Spa Turcianske Teplice” (Slovakiyaя) yer alır. Almaniyanın “Junisa GmbH” və “Johannesbad  Fachklinik AG & Co. KG” şirkətləri Münhen, Berlin, Bavariya və Almaniyanın digər şəhərlərinin bir sıra qabaqcıl klinikalarını təqdim edirlər. Yenicə təsis edilmiş Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyası (ASTTDA) ilk dəfə olaraq öz stendində Azərbaycanın “Chinar SPA Naftalan”, “Duzdaq Otel” və “Naftalan Hotel by Rixos” sağlamlıq mərkəzlərini təqdim edir.

“AITF” sərgisi son illər Azərbaycan vətəndaşları arasında məşhur kurort zonalarında daşınmaz əmlaka olan tələbatın artması faktını əks etdirən “Xaricdə daşınmaz əmlak” sektorunu fəal surətdə inkişaf etdirir və bu il “AITF” sərgisində Türkiyə, Bolqarıstan, Böyük Britaniya, BƏƏ və Çexiyanın daşınmaz əmlak şirkətləri yer alır. Beləliklə, yerli şirkətlər Türkiyədə daşınmaz əmlak təklif edən “ETU Homes”, “Netto Homes” şirkətlərinin, «The First Group»  (BƏƏ), eləcə də Bolqarıstanın dəniz sahili üzrə təkliflər verən “Dream Home” ASC-nin timsalında etibarlı tərəfdaş tapmaq imkanı əldə edəcəklər. Beləliklə, sərgidə 2015-ci il üzrə Azərbaycan üçün xaricdə daşınmaz əmlak bazarının ən aktual təklifləri təqdim olunacaq. Yeni tərəfdaşlar axtaran və ya bu sahədə öz biznesini genişləndirmək arzusunda olan hər bir kəs burada səmərəli danışıqlar apararaq əməkdaşlığın təməlini qoya biləcəklər.

İŞGÜZAR PROQRAM

Bu il eksponentlərlə sərgi ziyarətçiləri arasında ünsiyyəti daha da intensivləşdirmək üçün sərgi təşkilatçıları yeni xidmət növünə - görüşlərin əvvəlcədən təyin olunması proqramına start verəcəklər. Beləliklə, indi turoperatorlar, turizm agentlikləri və hava yollarının nümayəndələri, eləcə də otel şəbəkələri, xaricdə daşınmaz əmlakla məşğul olan agentliklər və tibbi klinikalar sərgi iştirakçıları ilə əvvəlcədən görüş təyin edə biləcəklər. Görüşlərin əvvəlcədən təyin olunması proqramında iştirak sayəsində vaxta qənaət etməklə yanaşı, turizm sənayesində çalışan peşəkarlar üçün sərgidə işləri əvvəlcədən və səmərəli şəkildə planlaşdırmaq, potensial tərəfdaş və müştərilərlə görüşmək, habelə yeni əlaqələr qurmaq və mövcud əlaqələri möhkəmləndirmək baxımından əlavə imkanlar yaradılacaq.

DƏSTƏK VƏ TƏŞKİLATÇILAR

AITF sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən keyfiyyət nişanına layiq görülüb. AITF, HOREX Caucasus və CIBS sərgilərin iaşə xidmətləri üzrə rəsmi tərəfdaşı “Seaport Catering” şirkətidir. 2015-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və rəsmi səyahət agentliyi “Greenwich Travel Club” şirkətləri, o cümlədən “Jumeirah Bilgah Beach Hotel Baku” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (stend quraşdırma üzrə tərəfdaş) şirkəti yer alır.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edirlər. Sərgidən ən son xəbərlər operativ şəkildə sərgilərin veb-saytlarında və sosial şəbəkələrdəki rəsmi səhifələrində yerləşdiriləcək. Sərgilər üçün iştirakçıların rəsmi kataloqu ilə yanaşı, sərgi iştirakçıları və sərgidəki tədbirlər barədə məlumatların dərc olunacağı “Daily News AITF 2015” rəsmi qəzeti də işıq üzü görəcək. Sərgi ziyarətçilərinin rahatlığı üçün metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə pulsuz işləyən komfortlu avtobuslar ayrılıb. Təşkilatçılar veb-saytında “onlayn” qeydiyyat xidmətindən aktiv şəkildə istifadə etməyi tövsiyə edirlər. Bir neçə dəqiqə davam edən bu prosedur Bakı Ekspo Mərkəzində qeydiyyatdan keçərkən vaxta xeyli qənaət etməyə imkan verir.

Həmçinin, sərgi iştirakçıları öz stendlərində təqdimat və seminarlar, eləcə də müxtəlif lotereya və istirahət biletlərinin (putyovkaların) oynanılmasını təşkil edəcəklər. Beləliklə, sərgi müxtəlif turizm imkanları ilə bol olan məkana çevrilməklə öz qapılarını 2-3 aprel tarixində yalnız turizm peşəkarlarının, 4 aprel tarixində isə bütün səyahət həvəskarlarının üzünə açacaq. Eyni zamanda, sərgi Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara əyani şəkildə nümayiş etdirəcəkdir ki, bu da Azərbaycanın turizm təmayülü kimi məşhurlaşmasına xidmət edəcək.



Tərəfdaşlar