EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - AITF 2016 sərgisi öz 15 illik yubileyini qeyd edir
Media мərkəz » Xəbərlər

AITF 2016 sərgisi öz 15 illik yubileyini qeyd edir
23.02.2016

Xəbərlər

Bu il regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri - Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” “AITF” 2016 sərgisi öz 15 illik yubileyini qeyd edir. Keçirildiyi illər ərzində “AITF” sərgisi bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilərək, bu sənaye sahəsinin qovşağı (“hab”) statusunu qazanmışdır.

Turizm sahəsi ölkənin qeyri-neft sektorunun perspektivli sahələrindən biridir. Respublika rəhbərliyi tərəfindən AITF sərgisinə hər zaman hərtərəfli dəstək verilir. Son bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev bu sərgini ziyarət edir, sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur. Respublika rəhbərliyi tərəfindən həm turizmə həm də AITF sərgisinə göstərilən xüsusi diqqət turizm sahəsinin biznes əlaqələrinin inkişafına əlavə təkan verir.

Yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (“AZTA”) tərəfindən dəstəklənir. Ümumdünya Turizm Təşkilatı (“UNWTO”) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (“PATA”) “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Sərginin müsbət dinamik inkişafı, eləcə də onun ölkənin turizm sektorunda oynadığı xüsusi rol son illər ərzində sərginin həm iştırakçılarının həm də ekspozisiyaların sayının artmasını bir daha təsdiq edir. “AITF-2016” sərgisində fərqli turizm istiqamətlərini təqdim edən dünyanın 40 ölkəsindən 200-dən artıq şirkətin iştirakı planlaşdırılır. Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro (Çernoqoriya) və Çexiya öz ölkələrinin turizm potensialını və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədi ilə sərgidə milli pavilyonlar ilə çıxış edəcəklər. Həmçinin, sərgidə Stavropol vilayəti və Yurmala kimi regionlar da ayrıca stendlərlə nümayiş olunacaqlar. Bundan başqa, sərgidə Latviya, Maldiv adaları, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, İsveçrə və digər ölkələrin turizm şirkətləri və otellərinin iştirakı gözlənilir. Builki sərgi iştirakçıları arasında Azərbaycanda akkreditasiyadan keçmiş bir sıra xarici səfirliklər, o cümlədən ticarət palataları da yer alır. Ənənəvi olaraq, Azərbaycan Turizm Assosiasiyasının (“AZTA”) stendində Azərbaycanın turizm şirkətləri, otel və sanatoriyaların təklifləri ilə tanış olmaq mümkün olacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları çərçivəsində isə Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim olunacaq.

Yaz sərgi mövsümünün ilk tədbiri olan “AITF” sərgisi turizm sahəsi üzrə danışıq və görüşlər, eləcə də fikir mübadilələri və təkliflər üçün mərkəzi platformaya çevriləcək. Burada sərgi iştirakçıları turizm sektorunun müxtəlif istiqamətləri üzrə eksklüziv təkliflərlə çıxış edəcəklər. Tədbirin iştirakçıları arasında turizm şirkətləri, aviaşirkətlər, milli və regional turizm təşkilatları, otel şəbəkələri, xaricdə daşınmaz əmlak agentlikləri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və spa mərkəzləri, o cümlədən idman və ekoloji turizm obyektləri yer alacaqdır. Bu il yerli və xarici tibb mərkəzləri, sağlamlıq ocaqları və sanatoriyalar tərəfindən təqdim olunacaq “Tibbi və sağlamlıq turizmi” sektoruna olan diqqət də artmaqdadır.

“AITF” sərgisi ilə eyni vaxtda Cənubi Qafqaz və Xəzər regionunun qonaqpərvərlik sənayesi üzrə mühüm ixtisaslaşdırılmış tədbiri - 10-cu Yubiley Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“HOREX Caucasus” 2016) sərgisi keçiriləcək. Sərgidə “Mehmanxana, Restoran və Kafelər” (“HoReCa”) sektoru üzrə aparıcı yerli və beynəlxalq istehsalçı və distribyutorların təklif etdikləri peşəkar mətbəx və ticarət avadanlıqları, mehmanxana və restoranlar üçün mebel, habelə tekstil (parça) və uniformalar, peşəkar gigiyenik vasitələr, eləcə də qida məmulatları və içkilər təqdim olunacaq.

Beləliklə, sözügedən sərgilər danışıqlar üçün etibarlı platforma olmaqla yanaşı, dünya təcrübəsinin öyrənilməsinə və səmərəli əlaqələrin qurulmasına da kömək edəcək. “AITF” və “HOREX Caucasus” sərgilərinin yubileyi ilə əlaqədar olaraq, təşkilatçılar tərəfindən eksponent və ziyarətçilərin də iştirak edəcəkləri əlavə tədbirlərdən ibarət maraqlı yubiley proqramı planlaşdırılıb. Bu yubiley proqramı iştirakçı və ziyarətçilərin yaddaşlarında Bakıda keçirilən sərgilər xüsusunda xoş və parlaq iz buraxacaqdır.

“AITF” və “HOREX Caucasus” sərgiləri 7-9 aprel tarixində yalnız turizm peşəkarları, aprel ayının 9-da isə bütün ziyarətçilər üçün açıq olacaq.

 



Tərəfdaşlar