EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Regionun aparıcı turizm sərgisi olan "AITF" özünün 15 illiyini qeyd edir!
Media мərkəz » Xəbərlər

Regionun aparıcı turizm sərgisi olan "AITF" özünün 15 illiyini qeyd edir!
06.04.2016

7 aprel tarixində Bakı Ekspo Mərkəzində turizm biznesinin peşəkarları üçün nəzərdə tutulmuş aparıcı tədbir olan 15-ci Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2016” sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq. Keçirildiyi illər ərzində “AITF” sərgisi dünyanın 40-dan çox ölkəsindən təxminən 2200 şirkəti bir araya toplayaraq, bütün Xəzəryanı regionda mühüm görüşlərin keçirildiyi və tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi turizm sənayesinin qovşağına (“hub”) çevrilmişdir. Yarandığı gündən etibarən “AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tərəfindən dəstəklənir. Son bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev bu sərgini ziyarət edir, sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur. Respublika rəhbərliyi tərəfindən həm turizmə həm də AITF sərgisinə göstərilən xüsusi diqqət turizm sahəsinin biznes əlaqələrinin inkişafına əlavə təkan verir.

SƏRGİ VƏ TURİZM SƏNAYESİ

Azərbaycanın müstəqillik illərində turizm sənayesində əhəmiyyətli inkişaf müşahidə olunur və “AITF” sərgisi bu müsbət dinamikanı yaxından əks etdirir, belə ki, əgər 2002-ci ildə keçirilən ilk “AITF” sərgisində dünyanın 5 ölkəsindən 26 şirkət iştirak edirdisə, hazırda bir sıra sahələrdə çoxqat artım müşahidə olunur. Müstəqil auditin məlumatlarına əsasən, “AITF” sərgisi regionda şirkət, ölkə və turizm marşrutlarının sayı üzrə bütün digər turizm sərgiləri arasında birinci yeri tutur. Bundan başqa, statistik məlumatlar təsdiq edir ki, Azərbaycanda keçirilən bütün sərgilər arasında “AITF” sərgisi təmsil olunan ölkələrin sayı üzrə birinci (hər il 40-dan çox), əhatə etdiyi sahə üzrə beşinci (orta hesabla təxminən 2000 m2), ziyarətçilərin sayı üzrə isə altıncı yeri tutur (hər il 4000 nəfərdən artıq peşəkar ziyarətçi).

Hər bir sərgi yeni reys və hava xətlərinin elan edildiyi, memorandum və beynəlxalq müqavilələrin bəyan olunduğu, sənayedəki yeni məhsul və nailiyyətlər barədə hesabatların səsləndirildiyi platformadır. Sərgilərin nəticələrinə əsasən, yerli turizm şirkətləri səyahətçilər üçün təklif etdikləri marşrut portfellərini genişləndirmək imkanı əldə etmiş, iştirakçı ölkələr isə Azərbaycandan gələn turistlərin sayca artmasına nail olmuşlar. Digər tərəfdən, sərgi Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara təqdim edir və bu da Azərbaycanın turizm istiqaməti kimi populyarlaşdırılmasına şərait yaradır. Sərgi hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan 2016-2025 illər üçün Azərbaycanda turizm sektorunun inkişaf strategiyasını yaxın gələcəkdə əks etdirəcək.

BÜTÜN DÜNYA - BİR SƏRGİ

Bu il dünyanın 29 ölkəsindən 330 şirkəti qəbul edən yubiley “AITF” sərgisi ümumilikdə 80 turizm istiqamətini təqdim edəcək. Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Serbiya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro, Çexiya və Ukrayna sərgidə milli pavilyonları üçün yer bron ediblər. İlk dəfə olaraq, Belarus öz milli stendi ilə bu ölkələrin sırasına qoşulub. Bu il Rusiya Federasiyası Stavropol Əyaləti Mədəniyyət Nazirliyinin kuratorluğu altında Stavropol Əyaləti, İspaniyanın Katalonya bölgəsi və Latviyanın Yurmala şəhəri ayrıca regional stendlərlə iştirak edirlər. Sərginin builki iştirakçıları arasında beynəlxalq assosiasiyalar, ticarət və sənaye palataları, eləcədə dövlət müəssisələri, o cümlədən İndoneziya və Türkiyənin Azərbaycanda akkreditasiya olunmuş səfirlikləri, Latviya Otel və Restoranlar Assosiasiyası, Türkiyə Otellər Assosiasiyası “TUROB”, Türkiyə Səyahət Agentlikləri Assosiasiyası “TURSAB”, Türkiyənin Manavqat Ticarət və Sənaye Palatası, Latviyanın Turizmin İnkişafı üzrə Riqa Bürosu, eləcə də Türkiyənin Bursa, Konya, Ərzurum və Trabzon şəhərlərinin bələdiyyələri yer alır. Bu il sərgi debütantları tədbir iştirakçılarının ümumi sayının 33%-ni təşkil edirlər və onların arasında Belarus, İtaliya, İordaniya, Malayziya, Türkiyə, Monteneqro və digər ölkələri təmsil edən şirkət və otellər var.

YENİ İSTİQAMƏT VƏ SEKTORLAR

Yaz sərgi mövsümünün ilk tədbiri olan “AITF” sərgisi turizm sahəsində danışıqların aparılması, görüşlərin keçirilməsi, habelə fikir və təklif mübadilələri üçün mərkəzi platformaya çevriləcək. Sərgidə iştirakçılar müxtəlif turizm istiqamətləri üzrə eksklüziv təkliflər verəcəklər. Sərgi iştirakçıları arasında turizm şirkətləri, hava xətləri, milli və regional turizm təşkilatları, mehmanxana şəbəkələri, xaricdə daşınmaz əmlak agentlikləri, habelə sanatoriyalar, pansionatlar və müalicə-sağlamlıq və SPA mərkəzləri yer alır.

Bu il “Tibbi turizm və Sağlamlıq turizmi” istiqamətini təmsil edən iştirakçiların sayı əhəmiyyətli dərəcədə artmışdır, belə ki, sərgidə Azərbaycan, Belarus, Gürcüstan, İtaliya, Latviya, Xorvatiya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 32 şirkət, o cümlədən tibb mərkəzi, sağlamlıq ocağı və sanatoriyalar müalicə-sağlamlıq və spa turizmi üzrə ən son nailiyyətləri təqdim edəcəklər.

“Xaricdə daşınmaz əmlak” sektoru çərçivəsində Coastline Keys Turkey, Dukley, Lustica Development Ad, Realty Port, Istanbul, Terra Minora, The First Group, Toros Residence Ins.Tic.Ve San.Ltd.Sti. şirkətləri İspaniya, Türkiyə, Dubay, Monteneqro və Bolqarıstan kimi ölkələrdə daşınmaz əmlak üzrə təkliflərlə çıxış edəcəklər. Bu şirkətlərin stendlərində alqı-satqı, icarə, kredit və investisiya proqramları barədə tam məlumat əldə etmək mümkündür.

DAXİLİ TURİZM

Daxili turizm Azərbaycanda əsas təmayül olaraq qalır və sərgi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi, eləcə də ölkənin Qax, Qəbələ, Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran, Mingəçevir, Masallı, Sumqayıt və s. bu kimi regionlarının ənənəvi ekspozisiyası Azərbaycanın daxili turizm potensialını təqdim edəcək. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendində isə Naxçıvanın unikal təbiəti, tarixi yerləri, o cümlədən mehmanxana və müalicə mərkəzləri təqdim olunacaq. Qarabağ regionunun gözəlliyini və turizm imkanlarını nümayiş etdirən Qarabağ stendi sərginin ənənəvi iştirakçısıdır. Azərbaycanın 20-dən artıq turizm şirkətini, eləcə də otel və sanatoriyalarını öz stendinə bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirəcək.

Bakı “Formula 1” Avropa “Qran Pri” (“Formula 1 Baku European Grand Prix”) yarışının sərgidəki ayrıca stendində bu yarışların proqramı haqqında, eləcə də hamının səbirsizliklə gözlədiyi və 2016-cı ildə Bakı şəhərində keçiriləcək “Formula-1” kateqoriyalı Avropa “Qran Pri” oyunlarına biletləri harada və necə əldə etmək lazım olduğuna dair bütün məlumatlar təqdim edilir.

İŞGÜZAR PROQRAM

Yubiley sərgini fərqləndirən cəhət isə odur ki, bu il 8 aprel tarixində təşkilatçılar ilk dəfə olaraq tədbir çərçivəsində “vorkşop” keçirəcəklər. Bu “vorkşop”  Bakı Ekspo Mərkəzində təşkil olunacaq və iştirakçılar əvvəlcədən planlaşdırılmış görüş çərçivəsində aparıcı yerli turizm şirkətləri ilə işgüzar münasibətlər qurmaq və vasitəçilərsiz birbaşa danışıqlar aparmaq, eləcə də bu və ya digər turizm məhsulunun bazarda necə qəbul ediləcəyinə dair real fikirləri öyrənmək imkanını əldə edəcəklər. Bu tədbirinin təşkili üçün xüsusi “onlayn” görüş təyinetmə sistemi yaradılıb. Təşkilatçılar bu tədbirin iştirakçılar üçün faydalı olacağına və hər il sərgi çərçivəsində təşkil ediləcəyinə əmindirlər.

“AITF 2016” sərgisi iştirakçıların bütün həftə ərzində turizm imkanlarını təqdim etdikləri bir tədbirdir, belə ki, sərgidəki eksponentlər sərgidən həm əvvəl, həm də sonra seminar, təqdimat və işçi görüşlərin keçirilməsini planlaşdırıblar. Sərginin keçirildiyi günlərdə, daha dəqiq isə 7 aprel tarixində Bakı Ekspo Mərkəzində saat 14:30-dan 17:00-a kimi Yurmala (Latviya) şəhərinin təqdimatı təşkil olunacaq.

YUBİLEYİNİZ MÜBARƏK!

Təşkilatçılar sərginin 15 illik yubileyi münasibəti ilə xüsusi əlavə tədbirlər proqramı hazırlayıblar. Proqramın əsas tədbiri - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə həyata keçirilən layihənin məqsədi Azərbaycanın tarixini və milli koloritini əks etdirən ənənəvi incəsənət növlərinin nümayiş etdirilməsidir. Belə ki, sərginin keçiriləcəyi bütün günlər ərzində kompleksin foyesində yerləşən İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin stendində milli tətbiqi-dekorativ sənətin dörd növü – keramika, batika, zərgərlik və ağac üzərində bədii oyma sənətləri təqdim olunacaq. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin məzunları - diplomlu sənətkarlar isə unikal sənət əsərlərinin yaranma prosesini nümayiş etdirəcəklər. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından etibarən fəaliyyət göstərən İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin (Prince’s School of Traditional Arts) birgə layihəsidir.Təşkilatçılar əmindirlər ki, həm İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, həm də Azərbaycanın sənət növləri ilə tanışlıq sərginin ziyarətçi və iştirakçılarını ruhlandıracaq və Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmaq üçün əla imkan yaradacaqdır. Hər bir ziyarətçi Bakı Ekspo Mərkəzində yerləşdirilmiş geniş parçanın üzərində yubiley sərgi barədə təəssüratlarını qeyd edə bilər.

Yubiley proqramın kulminasiya nöqtəsi isə sərginin eksponentləri və qonaqlarının iştirakı ilə keçirilən və 2016-cı ilin Azərbaycanda “Multikultralizm ili” elan olunması fonunda, multikultralizm ideyalarını əks etdirən parlaq karnaval şousu olacaq.

DƏSTƏK VƏ TƏŞKİLATÇILAR

Yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası “AZTA” tərəfindən dəstəklənir. Ümumdünya Turizm Təşkilatı “UNWTO” və Asiya-Sakit Okean Turizm Assosiasiyası “PATA” “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. AITF sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən keyfiyyət nişanına layiq görülüb. “Iteca Caspian” şirkətinin təşkil etdiyi bütün tədbirlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. 2016-cı ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Sheraton hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (stend quraşdırma üzrə tərəfdaş) şirkəti yer alır.  “AITF” sərgisi 7-9 aprel tarixində yalnız turizm peşəkarları, aprel ayının 9-da isə bütün ziyarətçilər üçün açıq olacaq.



Tərəfdaşlar