EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Yubiley “AITF 2016” sərgisi: dünyanın 29 ölkəsini təmsil edən 330 şirkət və 80 turizm istiqaməti
Media мərkəz » Xəbərlər

Yubiley “AITF 2016” sərgisi: dünyanın 29 ölkəsini təmsil edən 330 şirkət və 80 turizm istiqaməti
07.04.2016

Xəbərlər

Bu gün 15-ci Yubiley Azərbaycan beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2016”) sərgisinin ilk iş günüdür. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər. Müstəqil auditin məlumatlarına əsasən, “AITF” sərgisi regionda şirkət, ölkə və turizm marşrutlarının sayı üzrə bütün digər turizm sərgiləri arasında birinci yeri tutur.

“AITF 2016” sərgisinin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə keçirildiyini, 15 il ərzində regionun ən böyük və əhəmiyyətli tədbirinə çevrildiyini vurğulayıb. Onu da qeyd etmək lazımdır ki, dünyada iqtisadi böhranın hökm sürdüyü bir vaxtda, ölkəmizdə turizm sektoru inkişaf etməkdədir və sevindirici haldır ki, Azərbaycan ən populyar turizm istiqamətləri arasında 36-cı yeri tutur. 10 il ərzində Azərbaycanı ziyarət edən turistlərin sayı 5 dəfə artıb və iki milli turizm proqramı uğurla həyata keçirilib, hazırda isə turizmin inkişaf strategiyası və turizm qanunu işlənib hazırlanmaqdadır.

Dubay, Almaniya, Rusiya və Türkiyədəki turizm nümayəndəlikləri sayəsində Azərbaycan dünyada sabit, qonaqpərvər və qapıları bütün xalqlar üçün açıq olan xoşməramlı ölkə kimi daha çox tanınır. Çoxsaylı beynəlxalq tədbirlər, o cümlədən “AITF” sərgisi də bunu sübut edir.

 

“ITE Group Plc.” şirkətinin regional direktoru cənab Edvard Stroon öz çıxışında dəyərli dəstəyinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edərək, sərginin statistikasını səsləndirib. Belə ki, yubiley “AITF” sərgisi dünyanın 28 ölkəsindən 330 şirkəti bir araya toplayaraq, ümumilikdə 80 turizm istiqamətini təqdim edib.

Sərgi Azərbaycanın zəngin turizm potensialını əyani şəkildə iştirakçılara təqdim etməklə yanaşı, turizm sektorunun gələcək inkişaf strategiyasını da yaxından əks etdirir.

Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Serbiya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro, Çexiya və Ukrayna sərgidə milli pavilyonları üçün yer bron ediblər. İlk dəfə olaraq, Belarus öz milli stendi ilə bu ölkələrin sırasına qoşulub. Bu il Rusiya Federasiyası Stavropol Əyaləti Mədəniyyət Nazirliyinin kuratorluğu altında Stavropol Əyaləti, İspaniyanın Katalonya bölgəsi və Latviyanın Yurmala şəhəri ayrıca regional stendlərlə iştirak edirlər. Sərginin builki iştirakçıları arasında beynəlxalq assosiasiyalar, ticarət və sənaye palataları, eləcədə dövlət müəssisələri, o cümlədən İndoneziya və Türkiyənin Azərbaycanda akkreditasiya olunmuş səfirlikləri, Latviya Otel və Restoranlar Assosiasiyası, Türkiyə Otellər Assosiasiyası “TUROB”, Türkiyə Səyahət Agentlikləri Assosiasiyası “TURSAB”, Türkiyənin Manavqat Ticarət və Sənaye Palatası, Latviyanın Turizmin İnkişafı üzrə Riqa Bürosu, eləcə də Türkiyənin Bursa, Konya, Ərzurum və Trabzon şəhərlərinin bələdiyyələri yer alır. Bu il sərgi debütantları tədbir iştirakçılarının ümumi sayının 33%-ni təşkil edirlər və onların arasında Belarus, İtaliya, İordaniya, Malayziya, Türkiyə, Monteneqro və digər ölkələri təmsil edən şirkət və otellər var.

“Tibbi turizm və Sağlamlıq turizmi” istiqamətini təmsil edən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artmışdır.

Daxili turizm Azərbaycanda əsas təmayül olaraq qalır və sərgi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi, eləcə də ölkənin Qax, Qəbələ və s. bu kimi regionlarının ənənəvi ekspozisiyası Azərbaycanın daxili turizm potensialını təqdim edəcək. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendində isə Naxçıvanın unikal təbiəti, tarixi yerləri, o cümlədən mehmanxana və müalicə mərkəzləri təqdim olunacaq. Qarabağ regionunun gözəlliyini və turizm imkanlarını nümayiş etdirən Qarabağ stendi sərginin ənənəvi iştirakçısıdır. Azərbaycanın 20-dən artıq turizm şirkətini, eləcə də otel və sanatoriyalarını öz stendinə bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirəcək.

Bakı “Formula 1” Avropa “Qran Pri” (“Formula 1 Baku European Grand Prix”) yarışının sərgidəki ayrıca stendində bu yarışların proqramı haqqında, eləcə də hamının səbirsizliklə gözlədiyi və 2016-cı ildə Bakı şəhərində keçiriləcək “Formula-1” kateqoriyalı Avropa “Qran Pri” yarışlarına biletləri harada və necə əldə etmək lazım olduğuna dair bütün məlumatlar təqdim edilir.

Yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası “AZTA” tərəfindən dəstəklənir. Ümumdünya Turizm Təşkilatı “UNWTO” və Asiya-Sakit Okean Turizm Assosiasiyası “PATA” “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. AITF sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən keyfiyyət nişanına layiq görülüb. “Iteca Caspian” şirkətinin təşkil etdiyi bütün tədbirlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.



Tərəfdaşlar