EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi tarixində öz işinə başlayacaq
Media мərkəz » Xəbərlər

18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi tarixində öz işinə başlayacaq
03.04.2019

Xəbərlər

GÖRÜŞ YERİ – “AITF” SƏRGİSİ

4 aprel tarixində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisi öz işinə başlayır. Bakı Ekspo Mərkəzində keçiriləcək sərgi 6 aprel tarixinə kimi davam edəcək. Ənənəvi olaraq, sərgi müxtəlif ölkələrin turizm bazarları, milli və regional turizm təşkilatları, eləcə də dövlət strukturlarının nümayəndələrini bir araya gətirəcəkdir.

Builki sərgini fərqləndirən cəhət onun artıq Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus” sərgisi ilə eyni platformada keçirilməməsidir. Marketinq araşdırmaları apararaq və eksponentlərin müraciətlərini nəzərə alaraq sərgi təşkilatçıları “HOREX Caucasus” sərgisini qida və qablaşdırma mövzusuna həsr olunmuş sərgilər ilə paralel keçirmək qərarına gəliblər.

Beləliklə, bundan belə sırf turizm tədbiri formatında keçiriləcək “AITF” sərgisi bütün diqqəti gediş və gəliş turizminə, eləcə də işgüzar turizm - MICE sənayesinin inkişafına yönəldəcəkdir. Ölkəyə gələn turist axınının artması, Azərbaycanda müxtəlif irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi və beynəlxalq əlaqələrin inkişafı fonunda bu mövzunun aktuallığı heç bir şübhə doğurmur. MICE sektorunun aparıcı mexanizmlərindən biri olan sərgi turizm agentlikləri, aviaşirkətlər, eləcə də son istehlakçılar arasında əlaqə yaradır. Sərgi yerli və xarici mütəxəssislərin, o cümlədən dövlət strukturlarının görüş yeridir.

“Bütün dünya. Bir sərgi” - bu şüar altında keçirilən “AITF 2019” sərgisində dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat iştirak edir. Belarus, Bolqarıstan, Çex Respublikası, Çin, Dominikan Respublikası, Gürcüstan, İtaliya, Mərakeş, Tailand və Türkiyənin milli qrupları öz ölkələrinin milli turizm büroları və səfirlikləri tərəfindən göstərilən dəstək sayəsində sərgidə iştirak edir. Roqashka Stalina (Sloveniya), Stavropol Regionu (Rusiya), Odesa, Truskovets və Lvovun kollektiv stendi (Ukrayna), İzmir (Türkiyə) regionları sərgidə regional stendlə çıxış edirlər. İranın Maku Azad Ticarət zonası isə sərgidə regional stendlə debüt edir. Milli və regional stendlərdə kurort və sanatoriyalar, turizm şirkətləri və mehmanxana şəbəkələrinin nümayəndələri çalışacaqlar.

Bu il Dominikan Respublikası Turizm Nazirliyi iştirakçı ölkələr arasında seçilmək və öz turizm istiqamətini daha parlaq şəkildə təqdim etmək məqsədi ilə “AITF 2019” sərgisinin sponsoru qismində çıxış edir.

Azərbaycanın cəlbedici turizm destinasiyası kimi təqdim olunmasında “AITF” sərgisinin daşıdığı əhəmiyyət danılmazdır. Bu il tədbirdə debüt edən Azərbaycan Turizm Bürosu Azərbaycanın yenilənmiş turizm brendini öz stendində təqdim edir. Azərbaycanının turizm şirkətlərini, eləcə də otel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təkliflər silsiləsini təqdim edir.

“AITF 2019” sərgisinin iştirakçıları üç gün ərzində öz təklifləri ilə yay və qış turizm mövsümlərini əhatə etməklə, turizm xidmətlərinin bütün spektrini nümayiş etdirəcəklər.

Əvvəlki illərdə olduğu kimi, bu il də “AITF” sərgisində təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq və bir sıra digər sektorlar təqdim olunacaq. Xüsusi sektor olan “Tibbi və Sağlamlıq Turizmi” çərçivəsində Belarus Respublikasını, Bolqarıstanı, Çex Respublikasını, Sloveniyanı (Roqashka Slatina) və Rusiyanı (Stavropol Regionu) təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri iştirak edirlər.

ƏLAVƏ TƏDBIRLƏR

“AITF” sərgisi həm də geniş işgüzar proqramdır. Belə ki, sərginin keçirildiyi günlər ərzində müxtəlif görüşlər, seminarlar və təqdimatlar təşkil ediləcək.

2019-cu il Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin göstərişi ilə “Nəsimi ili” elan edilib. Azərbaycan poeziyasının ilk incilərinin müəllifi olan İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının formalaşmasında mühüm rol oynayıb. Nəsimi Azərbaycan divan poeziyasının atası və Azərbaycan ədəbi dilinin banisi hesab edilir. Bu münasibət ilə sərginin üç iş günü ərzində qonaqlara “Nəsimi tarixi və yaradıcılığına səyahət” etmək və bununla da dahi şairin əziz xatirəsini yad edərək Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı yaradılacaq. Layihə Libraff kitab mağazaları şəbəkəsinin dəstəyi ilə keçirilir.

Bir sıra xarici mütəxəssislərin rəyinə əsasən, bu gün Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri MICE sənayesi üzrə 10 ən cəlbedici istiqamətdən biridir. Bunu ölkədə keçirilmiş və gələcəkdə keçirilməsi planlaşdırılan çoxsaylı idman və əyləncə tədbirləri təsdiq edir. 4 aprel tarixində Amerika Ticarət Palatasının (AMCHAM) təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək “Azərbaycanda turizm: Yeni üfüqlər” adlı müzakirə sessiyası bu müsbət təmayülləri yaxından əks etdirəcək. “Dəyirmi masa” ətrafında aparılacaq müzakirələrin iştirakçıları turizm sənayesinin mütəxəssisləri və peşəkar tədbir təşkilatçıları olacaqlar. Bu tədbir əsnasında onlara ümumi işin gələcəkdə optimallaşdırılması və birinci sinif xidmətlərin təqdim edilməsi üçün aktual sənaye mövzularını müzakirə etmək imkanı yaradılacaq. Layihənin sponsoru isə Bakı Konqres Mərkəzidir.

5 aprel tarixində “B2B” formatlı görüş platforması öz işinə başlayacaq. Burada yerli turizm şirkətlərinin nümayəndələri turizm və istirahət sahəsində tərəfdaşlar tapmaq məqsədi ilə xarici sərgi iştirakçıları ilə görüşəcəklər.

5 aprel tarixində “Səyyahlarla Dünya Turu” seminarında sərginin qonaqları dünyaya səyyahların gözü ilə nəzər sala biləcəklər. Təşkilatçıların bu yeni layihəsi çərçivəsində səyahət bloqerləri İradə Qədirova “Ekoturizm- Azərbaycanda turizmin yeni istiqaməti kimi”, Orxan Aslanov “Rəsmli Səyahətlər”, Fərid Novruzi “Planetimizin unikal yerləri”, Emin Dostiyari “Həm Ziyarət, Həm Ticarət” mövzuları ilə çıxışlarında  öz səyahət təcrübələrini, faydalı məsləhətlərini və əyləncəli xatirələrini bölüşəcəklər. Seminar bütün ziyarətçilər üçün açıqdır.

Həmçinin “AITF” sərgisi çərçivəsində ziyarətçilərə tanınmış səyyah Fərid Novruzinin fotoşəkillərindən ibarət sərgi təqdim ediləcək. Sərginin ekspozisiyasına dünyanın müxtəlif guşələrindən 40-dan artıq orijinal fotoşəkil daxildir.

Sərginin sonuncu iş günü – 6 aprel tarixində Bakı Ekspo Mərkəzinin foyesində sərginin ziyarətçi və iştirakçıları üçün “Səyahət Əhvalı” festivalı təşkil ediləcək. Xarici iştirakçılar müxtəlif incəsənət növləri – rəqslər və bədii-mədəni çıxışları vasitəsi ilə öz ölkələrinin mədəniyyətini təqdim edəcək və bununla da sərginin sonuncu iş gününü bir-birindən maraqlı səhnəciklər və xoş əhval-ruhiyyə ilə başa vuracaqlar.

Beləliklə, “AITF” sərgisi bir daha turizm sənayesinin aparıcı mütəxəssislərinin görüşü üçün unikal planforma kimi öz mühümlüyünü təsdiqləyir. Peşəkar sənaye nümayəndələri satış coğrafiyasını genişləndirmək, sənayenin ən son yenilik və təmayülləri barədə məlumat almaq, eləcə də yeni tərəfdaş və müştərilər ilə görüşə bildikləri bu tədbiri hər il səbirsizliklə gözləyirlər. “AITF” – turizm sahəsində regionun nəhəng sərgisi olmaqla yanaşı, həm də mədəniyyət, yeni təəssürat, imkan və dostluqlar bayramıdır.

“AITF” sərgisi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Milli Turizm Təbliğat Bürosunun, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının “ASK” və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə keçirilir. Ümumdünya Turizm Təşkilatı “UNWTO” və Asiya-Sakit Okean Turizm Assosiasiyası “PATA” “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. “AITF” sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən keyfiyyət nişanına layiq görülüb. 2019-cu ildə sərginin tərəfdaşları arasında Greenwich Travel Club şirkəti (rəsmi turoperator), eləcə də “Qafqaz Hotels and Resorts” və “Boulevard Hotel” mehmanxanaları (rəsmi otellər) yer alır. “Uşaq zonası” üzrə tərəfdaş - "Bağçam" Uşaq Bağçaları Şəbəkəsi.

 



Tərəfdaşlar