İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası çərçivəsində Azərbaycan Halal Biznes və Turizm Forumunun keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunun imzalanması Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasının açılış mərasimində baş tutub. Sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İslam Biznesi Beynəlxalq Assosiasiyasının prezidenti Marat Kabayev, ICCIA-nın Baş katibi Yusif Xələvi və “Caspian Event Organisers” MMC-nin icraçı direktoru Bəhruz Hidayətzadə imzalayıblar.
Anlaşma Memorandumu 2024-cü ildə Azərbaycan Halal Biznes və Turizm Forumunun keçirilməsi ilə əlaqəli məsələlər üzrə birgə fəaliyyəti, müştərək layihələrin icrası məqsədilə tədbirlərin keçirilməsi üzrə qarşılıqlı əməkdaşlığı tənzimləyir.
“Caspian Event Organisers” (CEO) şirkəti Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısıdır.
“ADEX” Beynəlxalq Müdafiə Sərgisi, "Caspian Agro" Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi, “Interfood Azerbaijan” Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, “AITF” Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi, "BakuBuild" Azərbaycan Beynəlxalq İnşaat Sərgisi, “Translogistica Caspian” Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi və digər bu kimi təşkil olunan tədbirlərin miqyası və əhəmiyyəti “Caspian Event Organisers” şirkəti tərəfindən təqdim olunan xidmətlərin yüksək peşəkarlığını bir daha sübut edir.